Azərbaycanşünaslıq mərkəzi

Müstəqilliyin  əldə olunması bir çox sahələrdə olduğu kimi, Azərbaycanın kompleks öyrənilməsi sahəsində də yeni addımlar atılmasını mühüm zərurətə çevirdi. Bu zərurət dünyanın müxtəlif ölkələrində yaşayan və eyni etnik, kultroloji tarixin hadisəsi olan əlli milyonluq Azərbaycan xalqının, dilinin, yazısının, dininin, milli dövlətçilik ideyalarının formalaşması və inkişaf prosesini əhatə edir.
XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən azərbaycançılıq elmi təfəkkürünün, ideologiyasının meydana gəlməsi, o dövrün azərbaycanlı mütəfəkkirlərinin əsərlərində müstəqillik, türklük, müsəlmanlıq haqqındakı düşüncələri nəhayət azərbaycanşünaslığın elmi əsaslar üzərində yüksəlməsinə gətirib çıxardı. XX əsrin 30-cu illərində Azərbaycanşünaslığın  əsas prinsipləri formalaşdı.
Azərbaycanşünaslığın  ən mühüm problemlərindən biri Azərbaycan xalqının mənşəyi problemidir. Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təşəkkülü tarixi barədə müxtəlif dövrlərdə aparılmış araşdırmalar da bu elm sahəsinin aktual problemi olaraq dəyərləndirilir.
Azərbaycanşünaslıq ideologiyasının təbliği, ölkəmizin və xalqımızın daha geniş və sistemli şəkildə tanıdılması istiqamətində aparılan ən mühüm tədbirlərdən biri də Naxçıvan Dövlət Universitetinin Magistratura səviyyəsində “Azərbaycanşünaslıq” seçmə fənninin tədris olunması və ayrıca olaraq bu sahənin əhatəli araşdırılması və öyrənilməsi üçün «Azərbaycanşünaslıq Mərkəzi» nin istifadəyə verilməsidir.
Mərkəzdə Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, dili, folkloru və s. əhatə edən dərsliklər, monoqrafiyalar, dövri mətbuat materialları, mövzu ilə bağlı müxtəlif metodik materiallar, proqramlar, atlaslar, xəritələr toplanmış, problemlə bağlı müxtəlif dəyirmi masaların keçirilməsi üçün şərait yaradılmışdır.